Haber ara

Aydınlık veya Karanlık mod
Genel

Leyla Allahverdiyeva NUNU EXPRESS Qadın Dünyasının Azərbaycan Qurucusu

Leyla Allahverdiyeva NUNU EXPRESS Qadın Dünyasının Azərbaycan Qurucusu

2026-07-11 14:56:00 | 2026-07-11 11:58:35

Leyla Allahverdiyeva NUNU EXPRESS Qadın Dünyasının Azərbaycan Qurucusu

Bir Qadın İsterse Dünya Deyişer!

Leyla Allahverdiyevanın düşüncələri

Mən inanıram ki, bir qadın istərsə, dünyanı dəyişə bilər. Ancaq dünyanın dəyişməsi ilk növbədə qadının öz daxilindən başlayır. Qadın əvvəlcə düşüncəsini, sonra həyatını, daha sonra isə ailəsini və cəmiyyətini dəyişir. Dəyişimin ən böyük gücü insanın beynində və qəlbində başlayır.

Uca Allah qadını elə bir qüdrətlə yaradıb ki, o, toxunduğu hər yeri gözəlləşdirə bilər. Qadının əsl gücü nə səsində, nə sərvətində, nə də vəzifəsindədir. Onun əsl gücü sevgisində, mərhəmətində, ləyaqətində, müdrikliyində, səbirində və vicdanındadır. Qadın əvvəlcə öz gücünü özü hiss etməli, öz dəyərini özü bilməlidir. Çünki öz dəyərini tanıyan qadın, cəmiyyətə də dəyər qazandırar.

Qadın sadəcə bir ailənin üzvü deyil, bütöv bir millətin gələcəyini formalaşdıran müqəddəs bir varlıqdır. O, ailənin təməlidir, övladın ilk müəllimidir, cəmiyyətin mənəvi dayağıdır. Bir qadının düşüncəsi dəyişərsə, ailə dəyişər. Ailə dəyişərsə, cəmiyyət dəyişər. Cəmiyyət dəyişərsə, dövlət daha da güclənər.

Mən hesab edirəm ki, oğul övladının ilk məktəbi ananın qucağıdır. Ana övladına yalnız danışmağı deyil, insan olmağı öyrətməlidir. Oğluna qadına hörmət etməyi, onu qorumağı, dəyər verməyi, ləyaqətlə davranmağı aşılamalıdır.

Mən iki qız və bir oğul anası olaraq oğlumu məhz bu düşüncə ilə böyüdürəm. Ona hər zaman deyirəm: "Bacılarını necə qoruyursansa, sabah cəmiyyətdə qarşılaşacağın hər bir qadına da eyni hörmət və qayğı ilə yanaş. Hər qadın bir ananın əmanətidir."

Təəssüf ki, bəzən bəzi valideynlər oğullarının kobud davranışlarını "kişidir" deyərək normal qəbul edirlər. Mən bununla razı deyiləm. Çünki gələcəyin şəxsiyyətini formalaşdıran ilk növbədə anadır. Əgər ana oğluna hörməti, mərhəməti və məsuliyyəti öyrədərsə, gələcəyin ailələri də daha sağlam, daha xoşbəxt və daha möhkəm olar.

Mədəniyyət yalnız məktəbdə və ya universitetdə öyrənilmir. İnsan ilk diplomunu ailəsində alır. Valideynindən aldığı tərbiyə onun ömür boyu daşıdığı ən böyük sərvətdir.

Uzun illər qızlarımıza yalnız bir yol göstərilib: ailə qurmaq, ev işi görmək və övlad böyütmək. Bunlar müqəddəs dəyərlərdir və qadının həyatının ayrılmaz hissəsidir. Lakin qadının missiyası bunlarla məhdudlaşmır. Allah hər bir qadının qəlbinə xüsusi istedad, zəka və yaradıcı potensial bəxş edib. Təəssüf ki, bir çox qadın bu gücü heç vaxt üzə çıxara bilmir. Bəzən cəmiyyət, bəzən qorxu, bəzən də dəstəksizlik onun daxilindəki işığı söndürür.

Mən isə istəyirəm ki, qadınlarımız öz daxili dünyalarını kəşf etsinlər, xəyallarını gerçəkləşdirsinlər, cəmiyyətimiz üçün faydalı layihələr yaratsınlar və bir-birlərinə dayaq olsunlar.

Məhz buna görə NUNU EXPRESS Qadın Dünyasını böyük bir missiya kimi qəbul etdim. Mənim məqsədim sadəcə bir platforma yaratmaq deyil. Məqsədim müxtəlif sahələrdə biliyi, bacarığı, təcrübəsi və yüksək mənəvi dəyərləri olan qadınları bir araya gətirməkdir. Çünki "Ağıl ağıldan üstündür." Bir qadının ideyası başqa bir qadının ümidinə çevrilə bilər.

İstəyirəm ki, qadınlarımız rəqabət aparmasınlar, bir-birlərini yüksəltsinlər. Biliklərini bölüşsünlər, bir-birlərinə dəstək olsunlar, birlikdə öyrənsinlər, birlikdə inkişaf etsinlər və birlikdə cəmiyyətimizə xidmət etsinlər.

Bu gün bir çox qadın halal zəhməti ilə ailəsinə dəstək olmaq, işləmək və faydalı olmaq istəyir. Təəssüf ki, bəzən həyatın çətinlikləri onları yanlış insanların və yanlış yolların təsiri altına sala bilir. Mən arzulayıram ki, qadınlarımız yalnız qanunlara hörmət edən, şəffaf, dürüst və halal fəaliyyət göstərən mühitlərdə inkişaf etsinlər və öz potensiallarını ortaya qoya bilsinlər.

Mən özümü xoşbəxt sayıram ki, Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil və azad Azərbaycanda yaşayırıq. Bu gün həmin siyasi xətti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf, sabitlik və qanunun aliliyi prinsipləri üzərində inamla irəliləyir. Bu mühit hər bir vətəndaşa, xüsusilə də qadınlara öz bacarıqlarını reallaşdırmaq üçün geniş imkanlar yaradır.

Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın qadınlara, ailə institutuna, təhsilə və humanitar layihələrə göstərdiyi diqqət və qayğı hər bir Azərbaycan qadını üçün örnəkdir. İnanıram ki, qadınların maariflənməsinə, inkişafına və cəmiyyətə faydalı olmasına xidmət edən hər bir təşəbbüs kimi, bizim missiyamız da öz dəyərini tapacaq və mənəvi dəstək görəcəkdir.

Biz dövlətimizin qanunlarına hörmət edən, milli-mənəvi dəyərlərimizi qoruyan, vətənini sevən və cəmiyyətinə fayda verməyə çalışan qadınlar olmaq istəyirik. Çünki güclü qadın güclü ailə deməkdir, güclü ailə isə güclü Azərbaycan deməkdir.

Mənim ən böyük arzum odur ki, qadınlarımızın sözündən nur yayılsın, düşüncəsindən hikmət doğulsun, əməllərindən isə cəmiyyətimiz faydalansın. Mən istəyirəm ki, qadınlarımız öz dəyərlərini itirmədən inkişaf etsinlər, milli-mənəvi köklərinə bağlı qalaraq gələcəyimizi birlikdə qursunlar.

Mənim bütün məqsədim, bütün arzum və bütün mübarizəm güclü, ləyaqətli, vicdanlı, mərhəmətli, ziyalı və vətənini sevən qadınlarımızı bir amal ətrafında bir araya gətirməkdir. Çünki mən inanıram ki, bir qadın istərsə həyat dəyişər, qadınlar birlik olarsa isə dünya dəyişər.

Hörmətlə,

Leyla Allahverdiyeva
NUNU EXPRESS Qadın Dünyasının Azərbaycan Qurucusu